Bakı. Trend:
Azərbaycan “Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə ilin sonunadək 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsi məqsədilə layihə çərçivəsində işlərin sürətləndirilməsini razılaşdırılıb.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşdə ölkəmizdə həyata keçirilən və planlaşdırılan günəş-külək enerjisi layihələrinin icra vəziyyəti və yeni əməkdaşlıq imkanları ətrafında müzakirələr apardıq. İlin sonunadək 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasının istismara verilməsi məqsədilə layihə çərçivəsində işlərin sürətləndirilməsi razılaşdırıldı”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq Günəş Elektrik Stansiyasının inşasına Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında imzalanmış müqaviləyə əsasən başlanılıb və 4 iyun 2024-cü il tarixində layihənin təməli qoyulub. 2025-ci ilin oktyabrın 2-də isə stansiyasının ilk paneli quraşdırılıb.
Ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək.
Məlumata görə, Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək.
