Bakı. Trend:
Fevralın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis etdiyi növbəti “Təməl” Memarlıq Mükafatının təqdimetmə mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, özəl sektor nümayəndələri, memar və şəhərsalma mütəxəssisləri iştirak ediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov artıq ənənəyə çevrilmiş “Təməl” Memarlıq Mükafatının peşəkarlığın, innovativ düşüncənin və məsuliyyətli memarlıq yanaşmasının rəmzinə çevrildiyini bildirib. O, budəfəki müsabiqənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illik yubileyi və “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etdiyinə diqqət çəkərək, şəhərsalma və memarlıq sahəsinin dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
N.Hümmətov qeyd edib ki, məhz bu ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq 20 il ərzində Komitə tərəfindən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Baş planların hazırlanması və təsdiqi, eləcə də rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu günədək ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiqlənib, digər şəhərlərin planları üzrə işlər davam etdirilir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur regionunda yeni yaşayış məntəqələrinin salınması, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanan müasir məkan modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub.
Beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlardan da bəhs edən komitə sədrinin birinci müavini 17-22 may tarixlərində Bakının 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsini Azərbaycanın şəhərsalma siyasətinin qlobal səviyyədə tanınması ilə əlaqələndirib.
Daha sonra Komitə sədrinin müavini, münsiflər heyətinin sədri İlqar İsbatov və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış edərək, mükafatın memarlıq ənənələrinin qorunması, innovativ yanaşmaların təşviqi və keyfiyyətli şəhər mühitinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Qeyd edilib ki, “İlin ən yaxşı memarlıq layihəsi” mükafatı 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilib. Ötən ildən etibarən “Təməl” Memarlıq Mükafatı adı altında həyata keçirilən təşəbbüsün əsas məqsədi il ərzində ərsəyə gətirilən layihələrin peşəkar meyarlar əsasında qiymətləndirilməsi, memarlıq sənətinin inkişafı və yaşayış məntəqələrində şəhərsalma mühitinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Mərasimin davamında müsabiqə üzrə nəticələr elan olunub.
Mükafatlandırma çərçivəsində 890 layihə arasından seçilmiş 82 iş üzrə altı nominasiyada qalib olan 15 layihə müəllifləri “Təməl” mükafatı və diplomlarla təltif edilib. Həmçinin gənc memar Nurlan Tahirli Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə xüsusi mükafata layiq görülüb.
Mükafatlandırma çərçivəsində qalib elan olunan layihələr aşağıdakılardır:
“Binaların bərpası və yenidən qurulması” nominasiyası
üzrə:
“Təməl” mükafatının laureatı – Sadıqcanın evi layihəsi (müəllif:
Pietro Laureano).
II dərəcəli diplom:
Üzeyir Hacıbəylinin ev-muzeyi layihəsi (müəllif: Ali Emrah
Ünlü).
“Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və
qurğuları” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Laçın kanat yolu layihəsi
(müəlliflər: Tomas Kovari, Əyyub Mirzəyev).
II dərəcəli diplomlar:
Hacıqabul rayonu ərazisində Data mərkəzinin layihəsi (müəllif:
“Nitel Teknoloyi ve Mühendislik A.Ş” şirkəti).
Cəbrayıl rayonu, Soltanlı dəmir yolu stansiyasının layihəsi
(müəlliflər: Elnur Vəliyev, Fidan İsbatova, Gülnarə Məmmədova,
Mehparə Əzizzadə).
“İctimai binaların memarlığı” nominasiyası
üzrə:
“Təməl” mükafatının laureatı – Dövlət Gömrük Komitəsinin inzibati
binasının layihəsi (müəlliflər: Nəriman İmaməliyev, Nigar
Hüseynova, Hidayət Mərdanov, Nicat Nəsibov).
II dərəcəli diplomlar:
"Təzə Bazar" ticarət kompleksinin layihəsi (müəlliflər: Karlis
Saltups, Ardit Elezi).
Füzuli rayon Mərkəzi Xəstəxanasının layihəsi (müəllif: “Chapman
Taylor LLP” şirkəti).
“Mədəniyyət və dini obyektlərin memarlığı” nominasiyası
üzrə:
“Təməl” mükafatının laureatı – Ağdam İşğal və Zəfər Muzeyi layihəsi
(müəlliflər: Fabrizio Konti, Alessandro Bianki, Valentina Fiore
Linares, Massimiliano Çelani, Çintsia Grana, Paola Lombardi, Fizuli
Əliyev, Əli Məmmədov, Yaşar Zeynallı).
II dərəcəli diplom:
Xocavənd rayonu, Hadrut qəsəbəsində məscid layihəsi (müəlliflər:
Elçin Əliyev, Selcan Cəbrayılova).
“İctimai məkanlar və landşaft memarlığı” nominasiyası
üzrə:
“Təməl” mükafatının laureatı – İtaliya-Azərbaycan Universitetinin
ətrafındakı park layihəsi (müəlliflər: Fizuli Əliyev, Elvin
Məmmədov, Əli Məmmədov, Fidan Quliyeva).
II dərəcəli diplom:
İslam Səfərli küçəsinin abadlaşdırılması layihəsi (müəllif: Mansur
Bukani).
“Yaşayış komplekslərinin memarlığı” nominasiyası
üzrə:
“Təməl” mükafatının laureatı – Cəbrayıl rayonu, Horovlu kəndinin
yenidən qurulması layihəsi (müəlliflər: Elnur Vəliyev, Fidan
İsbatova, Ağa Xalıqzadə, Nihad Haqverdiyev).
II dərəcəli diplomlar:
Cəbrayıl rayonu, Soltanlı kəndinin yenidən qurulması layihəsi
(müəlliflər: Fərhad Qarayev, Aytən Abdullayeva).
"Naxçıvan Rezidens" yaşayış binalarının layihəsi (müəllif: “Chapman Taylor LLP” şirkəti).
