Bakı. Trend:
Amerikanın məşhur restoranlar şəbəkəsi "Popeyes" yaxın beş il ərzində Azərbaycanda 20 restoran açmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə "Popeyes Azerbaijan"ın həmtəsisçisi Məhəmməd Əfəndiyev "Crescent Mall"da şəbəkənin ilk restoranının açılışı zamanı bildirib.
Onun sözlərinə görə, bu planların həyata keçirilməsi çərçivəsində yeni restoranlarda təxminən 1000 işçinin işə cəlb olunması nəzərdə tutulur, həmçinin digər brendləri ölkəyə cəlb etməklə fəaliyyətin genişləndirilməsi planlaşdırılır.
"Hazırda bizim 60 işçimiz var və yaxın vaxtlarda onların sayı 100-ə çatacaq. Biz, bu yola Azərbaycanın təchizat zəncirini zənginləşdirmək arzusu ilə başladıq, biznes mühitinin yüksək səviyyəsini ölkəyə xarici brendləri cəlb etmək və eyni zamanda Azərbaycan brendlərini dünya bazarına çıxarmaq imkanı olaraq istifadə etməyə qərar verdik", - deyə o bildirib.
M.Əfəndiyev vurğulayıb ki, Bakıda "Popeyes" şəbəkəsinin ikinci restoranı mart ayında "Gənclik Mall"da açılacaq.
