Bakı. Trend:
Qarşıdakı onillik ərzində qlobal iqlim məqsədlərinə və dayanıqlı inkişaf prioritetlərinə uyğun etibarlı aşağıkarbonlu enerji sistemlərinin qurulması Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv ölkələr üçün həlledici əhəmiyyət kəsb edəcək.
Bu barədə Trend “CAREC İnstitute”a istinadən xəbər verir.
Qeyd edək ki, CAREC proqramı iqtisadi artımın sürətləndirilməsi və yoxsulluğun azaldılması məqsədilə əməkdaşlıq edən 11 ölkə və inkişaf tərəfdaşını birləşdirir. CAREC-ə üzv ölkələr bunlardır: Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan.
“CAREC ölkələrinin enerji siyasəti və inkişaf planları “yaşıl” keçid prosesi ilə sıx bağlıdır. Lakin praktikada bu ölkələrin əksəriyyəti enerji tələbatının ödənilməsi üçün hələ də əsasən fosil yanacaqlardan asılıdır”. Bununla yanaşı, iqlim dəyişikliyi ilə bağlı artan təzyiqlər bərpa olunan enerji mənbələrinin tətbiqini sürətləndirir.
Region üzrə “yaşıl” keçid sahəsində irəliləyiş səviyyəsi fərqli olsa da, CAREC ölkələri mərhələli şəkildə daha təmiz enerji sistemlərinə doğru irəliləyir.
Hesabatda vurğulanır ki, “yaşıl” keçid istiqamətində səylər hələ də qeyri-bərabərdir və sistem xarakterli problemlərlə məhdudlaşır. Türkmənistan və Əfqanıstan kimi ölkələr əhəmiyyətli beynəlxalq dəstəyə və daxili institusional islahatlara ehtiyac duyduğu halda, Qazaxıstan, Özbəkistan və Monqolustan enerji portfellərinin şaxələndirilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə ediblər.
“Zəngin hidroenerji resurslarına malik ölkələr aşağıkarbonlu inkişaf üçün əlverişli mövqedə olsalar da, iqlim risklərinə qarşı həssas olaraq qalırlar. Eyni zamanda, fosil yanacaq ixrac edən ölkələr dekarbonizasiya ilə karbohidrogenlərdən iqtisadi asılılıq arasında çətin seçim qarşısında qalır”, - deyə CAREC İnstitutu vurğulayır.
Hesabatın yekununda bildirilir ki, siyasətlərin koordinasiyasının gücləndirilməsi, investisiyaların səfərbər olunması, texnologiya transferinin təşviqi və inklüziv enerji planlaşdırmasının tətbiqi regionun enerji sisteminin uğurlu transformasiyası üçün həlledici əhəmiyyət daşıyır.
