Bakı. Trend:
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) ölkələrində “yaşıl” maliyyələşmə sürətlənir və bu sahədə Azərbaycanda da fəallıq müşahidə olunur.
Trend bu barədə “CAREC İnstitute” hesabatına istinadən xəbər verir.
Hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycan UNIBANK vasitəsilə 11,8 milyon ABŞ dolları məbləğində “yaşıl” istiqraz buraxmaqla bazara daxil olub.
“CAREC Institute”un məlumatına görə, “yaşıl” maliyyələşmə sahəsində lider ölkələr Qazaxıstan və Özbəkistandır.
“İnkişaf etməkdə olan iqtisadiyyata malik CAREC proqramı iştirakçıları - o cümlədən Qazaxıstan, Özbəkistan, Azərbaycan və digərləri - son onilliklər ərzində nisbətən sabit ÜDM artımı nümayiş etdiriblər. Lakin fosil yanacaqlardan yüksək asılılıq, enerji sistemlərinin aşağı səmərəliliyi və köhnəlmiş sənaye infrastrukturu iqtisadiyyatın yüksək karbon tutumlu olmasına səbəb olur: ÜDM vahidinə düşən CO₂ emissiyaları dünyada ən yüksək göstəricilər sırasındadır”,- deyə hesabatda qeyd olunur.
CAREC ölkələrinin bir çoxu, xüsusilə Qazaxıstan, Türkmənistan, Özbəkistan və Azərbaycan fosil yanacaqların hasilatı və ixracından ciddi dərəcədə asılıdır.
“Fosil yanacaqların iri ixracatçısı kimi Azərbaycan iqtisadiyyatın karbonsuzlaşdırılması sahəsində ciddi çağırışlarla üzləşir. “Yaşıl” maliyyələşmə günəş və külək enerjisinin inkişafını dəstəkləmək məqsədi daşıyır. 2022-ci ildə ölkədə beynəlxalq iqlim maliyyələşməsinin dəstəyi ilə Masdar şirkəti ilə dövlət-özəl tərəfdaşlıq çərçivəsində gücü 230 MVt olan günəş enerjisi layihəsinə start verilib”,- hesabatda qeyd olunur.
Hesabatda həmçinin “yaşıl” infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlıqların əhəmiyyəti vurğulanır: “Özbəkistan və Azərbaycandakı uğurlu nümunələr göstərir ki, şəffaf tender prosesləri, risklərin azaldılması alətləri və beynəlxalq dəstək ‘təmiz’ enerji və dayanıqlı nəqliyyatın inkişafına özəl investisiyaların cəlb olunmasına imkan yaradır”.
