Bakı. Trend:
İranda baş verən son hadisələr ciddi narahatlıq doğurur.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin birgə bəyanatında deyilir.
Onlar regional təhlükəsizlik və sabitliyin təmin olunmasına sadiqliklərini təsdiqləyərək, nüvə təhlükəsizliyinin əhəmiyyətini və gərginliyin eskalasiyasına səbəb ola və ya qlobal nüvə silahlarının yayılmaması rejimini sarsıda biləcək hər hansı addımların qarşısının alınmasının vacibliyini vurğulayıblar.
“Avropa İttifaqı İranın repressiv rejiminin və İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətlərinə cavab olaraq geniş sanksiyalar paketi tətbiq edib və nüvə və ballistik proqramlarla bağlı məsələlərin danışıqlar yolu ilə həllinə yönəlmiş diplomatik səyləri ardıcıl şəkildə irəli sürüb”, – deyə bəyanatda bildirilir.
Koşta və fon der Lyayen həmçinin vurğulayıblar ki, Aİ-yə üzv dövlətlərlə sıx koordinasiya şəraitində regionda olan Aİ vətəndaşlarına tam dəstəyin göstərilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.
