Bakı. Trend:
İran İsrail və ABŞ-nin ölkəyə qarşı hərbi hava hücumlarını kəskin şəkildə qınayır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla telefon söhbətində deyib.
Onun sözlərinə görə, İran özünün bütün müdafiə və hərbi bacarıqlarından istifadə edərək ərazisini müdafiə edəcək.
Əraqçi bütün region və müsəlman ölkələri İrana qarşı hərbi hava hücumlarının dayandırılması üçün addım atmağa çağırıb.
Telefon söhbətində Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar da İrana hərbi hava hücumları qınayıb və hücumların dayandırılmasını istəyib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
