Bakı. Trend:
Bu gün səhər saatlarından etibarən ABŞ və İsrail İranın mərkəzlərinə hücumlara başlayaraq İranı təslim edəcəklərini düşünürlər ki, İran alçaldıcı tələblərə təslim olmayacaq.
Trend-in məlumatına görə, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında öz əksini tapıb.
Bəyanata əsasən, İran silahlı qüvvələri İsrail və ABŞ-nin hücumlarına qarşılıq olaraq addımlar atmağa başlayıb.
Bəyanatda İran vətəndaşlarına müraciət olunaraq bildirilir ki, əldə olunan məlumatlara əsasən, İsrail və ABŞ-nin Tehran və bəzi şəhərlərə hərbi hava hücumları davam edəcək. Bunu nəzərə alaraq sakitliyi qorumaqla təhlükəsiz mərkəzlərə və başqa şəhərlərə səfər etmək tövsiyə olunur.
“İran əhalinin bütün ehtiyaclarını öncədən tədarük edib və vətəndaşların ehtiyac duyduğu məhsullar və vasitələri təmin etmək üçün heç bir narahatlıq yoxdur. Bunas əsasən vətəndaşların satış mərkəzlərinə toplaşmaqdan çəkinmələri istənilir”, - bəyanatda qeyd olunur.
Bəyanatda əlavə olunur ki, İranda bütün orta məktəblər və universitetlər məlumat veriləcəyi zamana qədər fəaliyyətini dayandırıb. Banklar öz fəaliyyətlərini davam etdirəcək, dövlət idarələri isə 50% şəklində fəaliyyət göstərəcək.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
