...

Zəfərlərimizin daxili mənbəyi soyuqqanlı, strateji qərarlar və sarsılmaz xalq-iqtidar birliyidir – Kamal Cəfərov

Siyasət Materials 27 Fevral 2026 14:00 (UTC +04:00)
Zəfərlərimizin daxili mənbəyi soyuqqanlı, strateji qərarlar və sarsılmaz xalq-iqtidar birliyidir – Kamal Cəfərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı Memorialının açılışı zamanı çıxışının yekununda belə bir ifadə işlətdi: "Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın". Bu fikir onu göstərir ki, xalqın faciəsi düşmənlərinin mövcudluğu ilə bağlı deyil, milli idrakının zəif olması ilə bağlıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, tarix boyu düşmənlərimiz həmişə olub, bu gün də Azərbaycana düşmənçilik hissləri bəsləyən qüvvələr var, gələcəkdə olması da istisna deyil. Bizim ən böyük faciəmiz isə bu cür təhdidlər qarşısında öz daxili gücümüzü itirməyimiz oldu:

“Müstəqil Azərbaycan tarixində isə Azərbaycanın faciəsi Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə vəzifəsindən haqsızca uzaqlaşdırılmasından sonra o dövrdəki hakimiyyətin anti-milli mövqeyi, özlərini ziyalı adlandıran bəzi şəxslərin naşılığı və Azərbaycan xalqının emosional ekstaz vəziyyətə çatıdırlması ilə bağlıdır. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından həftələr sonra qərbi azərbaycanlıları öz dədə-baba torpaqlarından məcburi formada çıxardılar, etnik təmizləmə həyata keçirdilər.

Mən həmişə o dövrdə yaşamış və işləmiş şəxslərdən soruşurdum, niyə Heydər Əliyevi vaxtında geri çağırmadınız? Deyirlər ki, o dövrdə xalqın psixoloji vəziyyəti fərqli idi. Mən meydandakı vətəndaşın sovet işğalına haqlı və müqəddəs qəzəbini tamamilə anlayıram. Ancaq o dövrdə xalqı idarə edən, yönləndirən siyasi elitanın naşılığını qəbul etmirəm.

Qarabağın işğalını gözlədilər, Xocalı faciəsini gözlədilər, heç bir dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat qrupunun hakimiyyətə gəlməsinə yol verdilər, sonra qardaş qırğını gözlədilər və yekunda tamamilə məhv olmamaq üçün Ulu Öndər Heydər Əliyevi çağırmaq məcburiyyətində qaldılar”.

Deputat əlavə edib ki, ən böyük faciə isə Azərbaycanın xilasını Ulu Öndər Heydər Əliyevdə görən, mitinqlərdə onun portertini qaldıran şəxslərə qarşı təqbilərin təşkili idi:

“Bəziləri iddia edir ki, xalq bu perioddan keçməli idi, ancaq qazaxlar, özbəklər və türkmənlər belə bir faciəvi perioddan keçmədi. Bəziləri də Ulu Öndər Heydər Əliyevin sovet keçmişini səbəb göstərir. Bəs həmin ziyalılar Ulu Öndər Heydər Əliyevi tanımırdı? Sovet dövründə Azərbaycanı sonuncu yerdən 2-ci yerə çatdıran kim idi? 1937-ci il repressiya qurbanların hüquqi reabilitasiya edən, ziyalıları repressiyadan qoruyan, onlara ev verən, dayaq olan, milli şüura dəstək verən Ulu Öndər Heydər Əliyev olub.

Ona görə də bu gün Azərbaycan xalqı çox gözəl bilir ki, populist şüuarlar, emosional ideyalar, “dəyərlər” dövlətçiliyimizə necə həlledici zərbə vurub. Bu gün Azərbaycan xalqı çox gözəl anlayır ki, bizim zəfərlərimizin, gücümüzün daxili mənbəyi Əliyev irsinin qəbul etdiyi soyuqqanlı və strateji qərarları və sarsılmaz xalq-iqtidar birliyidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti