Bakı. Trend:
Ədalət zəfər çaldı və şər oxuna ağır zərbə endirildi.
Trend xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
"Xamenei İsrailin əməliyyatının ilk zərbəsi zamanı zərərsizləşdirilib, onunla birlikdə İranın digər yüksək vəzifəli şəxsləri də məhv edilib. İsraili məhv etmək üçün fəaliyyət göstərənlər məhv edildi. Ədalət zəfər çaldı və şər oxuna ağır zərbə endirildi. Liderlik və qətiyyətə görə baş nazir Benyamin Netanyahuya təbriklər. İsrail özünü müdafiə etmək üçün bütün gücünü səfərbər etməyə davam edəcək", – deyə Katz bildirib.
Qeyd edək ki, İsrailin Tehrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ölüb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
