Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıqla çıxış edib.
Trend-in məlumatına görə, Tramp qeyd edib ki, İran daha sərt zərbələr endirəcəyini açıqlayıb.
“Ancaq bunu etmələri məsləhət deyil. Əgər belə bir addım atarlarsa, biz də indiyə qədər görünməmiş güclə cavab verəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, İsrailin Tehrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ölüb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Xameneinin qisasının alınacağını və daha güclü, misli görünməmiş zərbələrin endiriləcəyini bəyan edib.
Fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
