Bakı. Trend:
Vasili Nebenzya ABŞ və İsraili İrana hərbi hücumlara görə tənqid edərək, onları suveren BMT üzvü olan dövlətə qarşı “səbəbsiz silahlı təcavüz aktı” adlandırıb.
Trend xəbər verir ki, bunu Nebenzya BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasında çıxışı zamanı bildirib.
Səfir hücumların yüksək vəzifəli siyasi liderləri və mülki nüvə obyektlərini hədəf aldığını qeyd edib. “İran hakimiyyət orqanlarından mülki şəxslər də daxil olmaqla itkilər barədə real vaxt rejimində məlumatlar alırıq. Ölkənin 24 əyalətində 200-dən çox insan ölüb”, – deyə o bildirib.
Nebenzya 85 uşağın həlak olduğu Minabdakı qızlar məktəbinə edilən hücumla bağlı xüsusi narahatlığını ifadə edib və qurbanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzuladığını bildirib.
Səfir əlavə edib ki, Rusiya İrandakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.
