...

İran BMT-dən ABŞ və İsrailin hücumların araşdırmasını istədi

Dünya xəbərləri Materials 28 Fevral 2026 22:51 (UTC +04:00)
İran BMT-dən ABŞ və İsrailin hücumların araşdırmasını istədi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran BMT-yə ABŞ və İsrailin İrana qarşı hücumunu araşdırması üçün müraciət edib.

Trend-in məlumatına görə, bununla əlaqədar İran xarici işlər naziri Seyid Abbas Əraqçinin BMT baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasının sədri Ceyms Kleverliyə məktub ünvanlayıb.

İran xarici işlər naziri məktubda bildirib ki, İsrail və ABŞ-nin İranın müxtəlif şəhərlərində çoxlu sayda müdafiə obyektləri və qeyri-hərbi məkanları vurması İranın ərazi bütövlüyü və suverenliyinin pozulması deməkdir. ABŞ və İsrailin İran əleyhinə hərbi hava hücumları BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi açıq-aşkar şəkildə pozulub.

Əraqçi bildirib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü qanuni şəkildə müdafiə edir və ölkənin Silahlı Qüvvələri hücumlarla qarşılaşmaq üçün imkanlarından və bütün lazımi vasitələrdən istifadə edəcək.

“Bu əsasda hücum edən tərəflərin regiondakı bütün bazaları, obyektləri və qüvvələri qanuni hərbi hədəf hesab olunur. İran haqlı olaraq hücumlar dayanana qədər qətiyyətli şəkildə müdafiəsini davam etdirəcək”, -deyə o bildirib.

İranlı nazir deyib ki, regionda baş verən hadisələrin mənfi nəticələri ABŞ və İsrailin üzərinə düşür. İran əleyhinə hərbi hava hücumlarının regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi mənfi nəticələri olacağını nəzərə alaraq beynəlxalq sülh və təhlükəsizliyin pozulmasına reaksiya olaraq ciddi tədbirlərin görülməsi gözlənilir.

“İran beynəlxalq sülh və təhlükəsizlikdən narahat olan BMT-yə üzv bütün ölkələrdən İran əleyhinə hücumlar qarşısında dərhal və kollektiv addımların atılmasını gözləyir”, -deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti