Bakı. Trend:
İran Silahlı Qüvvələri ağır intiqam almaq üçün daha fərqli addım atacaq.
Trend-in məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.
Bildirilir ki, İranın müdafiə xarakterli başladığı “Doğru Vəd 4” əməliyyatının 6-cı dalğası İsrail ərazilərinə və ABŞ-nin regiondakı hərbi bazalarına tam güclə həyata keçirilib.
Qeyd olunur ki, ABŞ-nin 27 hərbi bazası, İsrail ordusunun baş komandanlığı, Təl-Əvivdə böyük müdafiə sənaye kompleksi atəşə tutulan məqsədlərin bir hissəsini əks etdirir.
Bəyanatda əlavə olunur ki, İran Silahlı Qüvvələri ağır intiqamı icra edəcək.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
