Bakı. Trend:
Əli Xameneinin baş verən hadisələrə möhkəm və qətiyyətli nəzarət etdiyi bildirilib.
Trend xəbər verir ki, bu barədə İranın rəsmi kütləvi informasiya vasitələri məlumat yayıb.
Mənbələr Ali Liderin cari hadisələrə və qərar qəbuletmə proseslərinə tam iştirak etdiyini vurğulayıblar, əlavə məlumat verilməyib.
Bundan əvvəl bəzi media orqanları Xameneinin İsrail və ABŞ-ın həyata keçirdiyi hava hücumlarında öldürüldüyü ehtimalını irəli sürmüşdü.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
