Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon
danışığı aparılıb.
XİN-dən Trend-ə bildirilib ki,
telefon danışığı zamanı bölgəmizdə müşahidə olunan hərbi eskalasiya
və artan təhlükəsizlik riskləri ilə bağlı dərin narahatlıq ifadə
olunub.
Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması,
diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn
norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.
Nazir Anita Anand keçən ilin iyun ayında hərbi eskalasiya zamanı
İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının
ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan
tərəfinə təşəkkürünü ifadə edib. Həmin dövrdə göstərilmiş operativ
və humanitar dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.
Mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq, zərurət yarandığı
təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə
Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər
ətrafında fikir mübadiləsi aparılıb.
