Bakı. Trend:
“S&P Global Ratings” agentliyi son dörd il ərzində Azərbaycanın Mərkəzi Bankının (AMB) yeni rəhbərliyinin gördüyü işlərin nəticələrini müsbət qiymətləndirir.
Trend bu barədə “S&P”yə istinadən xəbər verir.
“Son dörd il ərzində AMB-nin yeni rəhbərliyinin fəaliyyətini müsbət qiymətləndiririk. Bütün banklar 2024-cü ildə tətbiq olunmuş korporativ idarəetmə standartlarına riayət edir, müşahidə şuralarının komitələri yenidən strukturlaşdırılıb və müstəqil üzvlər təyin olunub. Son üç ildə kreditləşmənin sürətli artımı ilə bağlı riskləri proaktiv şəkildə azaltmaq məqsədilə tənzimləyici 2025-ci ilin martından 0,5% kontrtsiklik kapital buferini aktivləşdirib. Bundan əlavə, ən sürətli artan istehlak kreditləri və kredit kartlarına dair tənzimləmə qaydaları sərtləşdirilib. Bank sistemi 2024–2025-ci illərdə stabilliyini qoruyub”, – hesabatda qeyd olunur.
“S&P” hesab edir ki, Azərbaycan bank sistemində tənzimləmə və nəzarətin modernləşdirilməsi təşəbbüslərinin effektiv icrası onu beynəlxalq standartlara yaxınlaşdırır.
“Bu təşəbbüslər üzrə ən aktiv fəaliyyət son üç ildə AMB sədri Taleh Kazımovun rəhbərliyi altında 2024–2026-cı illər Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində müşahidə olunub. 2024–2025-ci illərin əsas nailiyyətlərinə aşağıdakılar daxildir: korporativ idarəetmə standartlarının tətbiqi, əlaqəli tərəflərlə əməliyyatların tənzimlənməsi, likvidlik idarəetməsinin Basel III tələblərinə uyğun tənzimlənməsi, əməliyyat və bazar risklərinin idarə edilməsinə dair yeni qaydalar və bankların prudensial hesabatlılıq tələbələrinin gücləndirilməsi”, – hesabatda deyilir.
Agentlik qeyd edir ki, 2026-cı ildə tənzimləyicilər aşağıdakıları planlaşdırır: bütün banklar üçün risk əsaslı nəzarətin tətbiqi; Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS- 9) sisteminə keçid; bank sisteminin Basel III kapital adekvatlığı standartlarına uyğunlaşdırılmasının idarə edilməsi; stress-test və uzunmüddətli likvidlik idarəçiliyinə dair tələblərin gücləndirilməsi; daxili kapital və likvidlik yetərliyi qiymətləndirmə proseslərinin tətbiqi; nəzarətə konsolidə edilmiş yanaşma və problemlərin həlli çərçivəsinin hazırlanması.
“Bu təşəbbüslərin effektiv icrası Azərbaycan bankları üzrə tənzimləmə və nəzarəti gücləndirməlidir. Tənzimləyici ekoloji, sosial və idarəetmə riskləri daxil olmaqla yeni və ortaya çıxan risklərə daha çox diqqət yetirir. AMB bank sektorunun kibermüqavimətini gücləndirməyə və pul yuyulması və terrorun maliyyələşdirilməsinə qarşı (AML/CFT) tədbirlərin koordinasiyasına davam edir. Son illərdə Azərbaycanda AML/CFT qanunvericiliyi əhəmiyyətli dərəcədə təkmilləşdirilsə də, hələ də bəzi texniki boşluqlar mövcuddur. Hakimiyyət 2023–2025-ci illər üçün AML/CFT üzrə Milli Fəaliyyət Planını tətbiq edib”, – S&P hesabatında bildirilir.
