Bakı. Trend:
Almaniya sakinlərinin əksəriyyəti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını dəstəkləyir.
Trend xəbər verir ki, bunu Bild qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 60 faizi Avstraliya nümunəsini əsas götürərək 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin tərəfdarıdır. Respondentlərin 24 faizi bu təşəbbüsə qarşı çıxıb, 16 faizi isə suala laqeyd yanaşdığını və ya cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Qadağaya dəstək xüsusilə Yaşıllar Partiyasının tərəfdarları arasında yüksəkdir – 71 faiz. XDİ tərəfdarlarının 70 faizi, SPD seçicilərinin isə 69 faizi təşəbbüsü dəstəkləyib. Almaniya üçün Alternativ (AfD) və Azad Demokrat Partiyasının (FDP) seçiciləri arasında dəstək nisbətən aşağıdır və 57 faiz təşkil edir.
Yaş qrupları üzrə də fərqlər müşahidə olunur. 30 yaşdan yuxarı respondentlər arasında qadağaya açıq dəstək var. 30 yaşdan aşağı şəxslər arasında isə 40 faiz lehinə, 37 faiz əleyhinə mövqe bildirib, 15 faiz isə laqeyd qalıb.
INSA institutunun direktoru Hermann Binkert bildirib ki, 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsini müdafiə edənlər, hətta gənclərin əksəriyyətini inandıra bilməsələr belə, ümumi əhali arasında geniş dəstəyə malikdirlər.
Sorğu 11–12 dekabr tarixlərində aparılıb və 1003 nəfəri əhatə edib.
Qeyd edək ki, dekabrın 10-dan etibarən Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun qüvvəyə minib. Qanuna əsasən, ölkədə fəaliyyət göstərən sosial media platformaları uşaqların və yeniyetmələrin hesablarını deaktiv etməlidirlər.
