Bakı. Trend:
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi aparılıb.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşdük. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlarası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,059 milyard ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 19,7 milyon ABŞ dolları və ya 1,9% çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,59%-i həcmində olub. Bununla da ABŞ hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 52,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.
Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 1 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,5 milyon ABŞ dolları və ya 9,3% artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
