Bakı. Trend:
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Berqkamen şəhərində genişmiqyaslı polis əməliyyatı keçirilir.
Trend xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Hadisəyə səbəb şənbə günü səhər saatlarında 20 yaşlı kişinin bir qadına və onun dörd uşağına bıçaqla hücum etməsi olub. Hücum nəticəsində səkkiz yaşlı uşaq ağır yaralanıb. Digər uşaqların da müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Şübhəli şəxs hələ də saxlanılmayıb.
Məlumata görə, hücum yerli vaxtla saat 5:30-da 26 yaşlı qadının mənzilində baş verib. Kişi əvvəlcə qadına, daha sonra isə uşaqlara hücum edib. Xəsarət alanlar arasında üç, beş, yeddi və səkkiz yaşlı uşaqların olduğu qeyd olunur.
Bildirilir ki, hücum edən şəxs ötən yay yetkinlik yaşına çatmayanlara qarşı törətdiyi cinayətlərə görə şərti cəza almış qadınla tanış olub. Polis hadisə ilə bağlı axtarış tədbirlərini davam etdirir.
