Bakı. Trend:
Rumıniyanın ədliyyə sistemindəki korrupsiyaya qarşı şənbə günü Buxarestdə hökumət qərargahının qarşısındakı meydanda keçirilən etiraz aksiyasında təxminən 8 min nəfər iştirak edib.
Trend xəbər verir ki, bu barədə "HotNews" portalı məlumat yayıb. Etirazçılar ədliyyə sistemindəki “mafiya şəbəkələrinin” aradan qaldırılmasını, Ali Kassasiya Məhkəməsinin sədri və daxili işlər nazirinin istefasını tələb ediblər. Buxarestdəki etirazlar artıq dördüncü gündür ki, Rumıniyanın digər şəhərlərinə də yayılıb.
Etirazlara səbəb korrupsiyanın araşdırılması üzrə ixtisaslaşmış rumın jurnalistlərin hazırladığı “Əsirlikdə ədalət” sənədli filmi olub. Filmdə bəzi hakim və prokurorların ölkənin məhkəmə sisteminə əsas vəzifələrdə olan şəxslər tərəfindən nəzarət edildiyini, iri korrupsiya işlərinin susdurulduğunu və bəzi cinayət işlərinin əsassız olaraq bağlandığını iddia etdikləri göstərilib.
Film ilk dəfə çərşənbə axşamı “YouTube”da, çərşənbə günü isə milli televiziyada nümayiş etdirilib. Ali məhkəmə instansiyalarının rəhbərləri filmdə göstərilən faktların həqiqətə uyğun olmadığını bildirərək ittihamları rədd ediblər, lakin bir çox hakim və prokuror ədliyyə sistemində sui-istifadə hallarının müntəzəm baş verdiyini təsdiqləyiblər.
Ali Magistratura Şurası filmdə göstərilən faktlarla bağlı araşdırma aparmaq üçün Məhkəmə Müfəttişliyinə göstəriş verib. Prezident Nikuşor Dan isə milli ədliyyə sistemindəki problemləri müzakirə etmək üçün dekabrın 22-də hakim və prokurorları iclasa dəvət edib.
