Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 436 000-dən çox ödəniş tapşırığı icra edilib, dövlət büdcəsinin gəlirləri isə yüksək səviyyədə yerinə yetirilib.
Qeyd olunub ki, bu ilin yanvar-noyabr ayları ərzində konsolidasiya edilən büdcə gəlirləri 43,9 milyard manat təşkil edib ki, bu da 11 aylıq proqnozdan 2,5 milyard manat və ya 6,1% çoxdur.
Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35,6 milyard manat təşkil edib ki, bu da 11 aylıq proqnozdan 324,6 milyon manat və ya 0,9 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 15,3 milyard manat təşkil edib ki, bu da proqnozdan 745,5 milyon manat (5,1%) çoxdur;
İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti vasitəsilə 41,6 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 10,2 milyon manat (32,5%) çoxdur;
Dövlət Neft Fondundan transfert 13,3 milyard manat təşkil etmişdir ki, bu da proqnozun 100%-nə bərabərdir;
Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 5,8 milyard manat (proqnozun 96,6%-i) təşkil edib;
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların pullu xidmətlərindən əldə edilən gəlirlər 592,3 milyon manata (proqnozun 72,7%-i) çatıb;
digər daxilolmalar 654,7 milyon manat (proqnozun 99,1%-i) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk 11 ayı ərzində icmal büdcə xərcləri 36,8 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard manat və ya 3,9% çoxdur.
Qeyd olunub ki, eyni zamanda, dövlət büdcəsinin xərcləri 31,4 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2% çoxdur.
