Bakı. Trend:
Nigeriya Dəniz Təhlükəsizliyi Agentliyi (NMSA) oğurlanmış neft daşıdığı iddiası ilə Venesuela sahillərində ABŞ tərəfindən ələ keçirilən supertankerin Nigeriyaya məxsus olması barədə mediada yayılan məlumatları təkzib edib.
Trend xəbər verir ki, bu barədə “Arise” telekanalı agentliyə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, sözügedən SKIPPER adlı supertanker həqiqətən 2024-cü ildə Nigeriyaya yola düşüb, lakin heç bir Nigeriya şirkətinə məxsus deyil və Nigeriya bayrağı altında üzməyib.
NMSA-nn məlumatına görə, Beynəlxalq Dəniz Təşkilatında 9304667 nömrəsi ilə qeydiyyatda olan SKIPPER supertankeri sonuncu dəfə 1 iyul 2024-cü ildə Nigeriyanın ərazi sularında müşahidə olunub. Gəminin sahibi kimi göstərilən Thomarose Global Ventures Limited şirkəti Nigeriya Dəniz Reyestrində qeydiyyatda deyil. Bundan əlavə, tanker dəfələrlə adını və sahibini dəyişib.
NMSA-nın baş direktoru Dayo Mobereola agentliyin bu məsələ ilə bağlı araşdırma aparmaq üçün ABŞ administrasiyası da daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlığa sadiq olduğunu vurğulayıb.
