Bakı. Trend:
Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.
Trend xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Liderin qəlbi” sənədli filmi nümayiş etdirilib. Filmin müəllifi Mixail Qusmandır.
Filmi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva izləyib.
Tədbir Ümummilli Liderin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
İzləyicilər qarşısında çıxış edən Mixail Qusman filmin üzərində iş prosesindən danışıb və bu cür dahi şəxsiyyət haqqında bir saatlıq lent yaratmağın asan olmadığını vurğulayıb. O qeyd edib ki, materiallar Heydər Əliyevin yolunu və xarakterini mümkün qədər dəqiq çatdırmaq üçün hissə-hissə toplanıb.
Filmin müəllifi, həmçinin Ümummilli Liderlə bağlı şəxsi xatirələrini bölüşərək onun qeyri-adi daxili gücünü, möhkəm xarakterini və cəsarətini qeyd edib.
M.Qusmanın sözlərinə görə, Heydər Əliyev ləyaqətini və təmkinini itirmədən həyatın bütün çətinliklərinin öhdəsindən gələ bilib və həmişə özünün əsas - Azərbaycana xidmət etmək məqsədinə sadiq qalıb. Heydər Əliyevin bütün həyatı ölkəyə və onun gələcəyinə həsr olunub və o, həqiqətən öz xalqı üçün yaşayıb.
Mixail Qusman filmdə yer almış epizodlardan birinin üzərində ayrıca dayanıb: çıxışı zamanı Heydər Əliyevin özünü pis hiss etdiyi an. Müəllif qeyd edib ki, bu kadr liderin mənəvi gücünü və dözümlülüyünü vurğulayan hekayənin mühüm hissəsinə çevrilib.
