Bakı. Trend:
Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Trend xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı yarımfinala vəsiqə qazanıb.
46 kq çəki dərəcəsində çıxış edən Qardaş Rəhimov Albaniya təmsilçisi Misteak Rama ilə qarşılaşıb. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Rati Xarbedia ilə üz-üzə gələcək.
75 kq çəki dərəcəsində mübarizə aparan Şükar Əliyev də 1/4 final döyüşündən qalib ayrılıb. O, Almaniya boksçusu Yannik Mülleri 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev yarımfinalda Macarıstan təmsilçisi Aleks Domjanla döyüşəcək.
Yarımfinala yüksələn hər iki boksçu özləri üçün azı bürünc medalı da təmin edib.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha üç boksçusu 1/4 final mərhələsində mübarizə aparacaq.
