Bakı. Trend:
Yaponiya hökuməti Qəzza zolağında atəşkəs rejiminə nəzarət etmək məqsədilə ABŞ-nin təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzinə mülki mütəxəssislər göndərməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.
Qəzetin Yaponiya hökumətindəki mənbələrinə əsasən, Tokio bu mərkəzin fəaliyyətində yalnız humanitar sahə üzrə iştirak edəcək.
Bildirilib ki, Yaponiyadan göndəriləcək mütəxəssislər qrupu beynəlxalq humanitar təşkilatlar və qeyri-hökumət təşkilatlarında çalışan, infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional ekspertlərdən ibarət olacaq.
Qeyd olunub ki, hərbi-mülki koordinasiya mərkəzi atəşkəs razılaşması əldə edildikdən sonra İsrailin cənubunda, Qəzza sərhədi yaxınlığında yaradılıb. Mərkəz Qəzzadakı vəziyyətlə bağlı real vaxt rejimində müxtəlif mənbələrdən, o cümlədən kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarından və beynəlxalq təşkilatlardan məlumat toplayacaq.
Məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi bu mərkəzdə 40-dan çox ölkə və təşkilatın nümayəndələrinin iştirakı nəzərdə tutulur.
