Bakı. Trend:
Massaçusets İctimai Səhiyyə Departamenti mətbəx tezgahlarında istifadə olunan daş materiallarla təmas nəticəsində yaranan həyati təhlükəli ağciyər xəstəliyinin ilk halının təsdiqləndiyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Məlumata görə, 14 il ərzində daş tezgahlarla işləyən 40 yaşlı kişi silikoz xəstəliyindən vəfat edib. Bildirilir ki, o, daşların cilalanması ilə məşğul olub və bu proses zamanı nəfəs almaq üçün son dərəcə təhlükəli olan silisium tozu əmələ gəlib. Həmin toz ağciyərlərə daxil olaraq ağciyər toxumasında çapıqlar yaradır.
Qeyd olunur ki, silikoz xəstəliyinin əsas simptomlarına öskürək, nəfəs darlığı, yorğunluq və sinə ağrısı daxildir.
Rəsmilər vurğulayıblar ki, süni daşlarla işləyən şəxslərdə silikozun inkişaf riski təbii daşlarla işləyənlərlə müqayisədə daha yüksəkdir.
