...

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2025 17:00 (UTC +04:00)
Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Olderdaysla görüşüb.

Trend xəbər verir ki, görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev, Britaniya səfirliyinin nümayəndələri Aleks Tyurrel və Elvin Rzayev, MAA-nın prorektorları Ədalət Səmədov və Gülnarə Əhmədova, Təlim Mərkəzinin baş direktoru Aqil Heydərov iştirak ediblər.

Akademik Arif Paşayev qonaqları səmimi salamlayaraq, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında neft-qaz sahəsindəki birgə əməkdaşlığı dünya miqyasında bir nümunə kimi qiymətləndirib. Söhbət zamanı Böyük Britaniya şirkətlərinin AZAL, Silk Way Holding və Milli Aviasiya Akademiyası ilə çoxillik səmərəli əlaqələri barədə danışılıb. Akademik Arif Paşayev bildirib ki, 2000-ci illərdə Azərbaycan Boeing 757 təyyarələrinin istismarına başladıqda AZAL və MAA-nın Böyük Britaniyanın Rolls-Roys şirkəti ilə sıx işbirliyi qurulub.

AZAL-ın prezidenti Samir Rzayev Böyük Britaniya ilə olan sıx əlaqələrdən danışaraq qeyd edib ki, bu əlaqələrin əsasını Bakı ilə London arasındakı birbaşa təyyarə reysləri ilə yanaşı, uçuşların təhlükəsizliyinin idarə olunmasında, naviqasiya sistemlərinin və aeroportların əməliyyat strukturlarının təkmilləşdirilməsində, təyyarələrin uçuş yararlığının saxlanılmasında və digər vacib məsələlərin həllində Azərbaycan ilə Böyük Britaniya şirkətləri arasındakı birgə əməkdaşlıq təşkil edir.

Daha sonra akademik Arif Paşayev 2009-2010-cu illərdə MAA-da Böyük Britaniyanın Thales şirkətinin istehsalı olan Airbus A320, Boeing 757/767 və ATR 42/72 hava gəmilərinin uçuş simulyatorları quraşdırıldığını qeyd edib. Son 2 ildə Acron Aviation (əvvəlki Thales və L3 Harris) şirkətinin daha 3 trenajoru - Boeing 777-200LR/F/300ER, Boeing 787-9 təyyarələrinin simulyatorları və Airbus A320 təyyarəsinin FPT (Flat Panel Trainer) prosedur trenajoru MAA-da quraşdırılıb.Akademiyanın Təlim Mərkəzində hazırda fəaliyyət göstərən 8uçuş simulyatorundan 5-i Acron Aviation şirkətinə məxsusdur. Qeyd olunub ki, MAA-nın uçuş trenajorlarının ilk beynəlxalq sertifikasiyası da məhz İngiltərənin mülki aviasiya agentliyi tərəfindən həyata keçirilib. Bunlarla yanaşı AZAL, Silk Way Holding və MAA mütəxəssisləri Böyük Britaniya şirkətlərində uçuş və texniki heyətin, təlimatçıların, mühəndislərin, peşəkar ingilis dili müəllimlərinin hazırlığı və digər təlimlərdə iştirak edib. Söhbət zamanı qonaqlara Akademiyanın infrastrukturu, beynəlxalq əlaqələri, fakültə və kafedraları, ixtisasları, tələbə və məzunları, elmi tədqiqat və təlim-tədris prosesi haqqında geniş məlumat verilib. Bir sıra ixtisas proqramlarının hazırlanmasında Böyük Britaniyanın Kinqston və Qrenfild universitetlərinin təcrübəsindən istifadə edildiyi qeyd olunub.

Tərəflər Azərbaycan aviasiyasının inkişaf istiqamətləri, Böyük Britaniya ilə mövcud əməkdaşlıq və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar. Daha sonra qonaqları maraqlandıran suallar cavablandırılıb. Lord Con Olderdays və Səfir Fergus Auld MAA-da olduqlarlarından məmnunluq bildiriblər.

Sonra qonaqlar Milli Aviasiya Akademiyasının Təlim Mərkəzində Acron Aviation şirkətinin nümayəndələrinin də iştirakı ilə yeni istifadəyə verilmiş Boeing-787 simulyatorunda yaradılan təlim şəraiti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti