...

Azərbaycan qazı üçün yeni üfüqlər: Şimali Makedoniyaya təchizat Avropanın enerji təhlükəsizliyini gücləndirir

Energetika Materials 13 Dekabr 2025 18:45 (UTC +04:00)
Azərbaycan qazı üçün yeni üfüqlər: Şimali Makedoniyaya təchizat Avropanın enerji təhlükəsizliyini gücləndirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

1 dekabr 2025-ci il tarixində Şimali Makedoniyadakı özəl və sənaye istehlakçılarına Azərbaycan təbii qazının tədarükünə başlanılıb. Bu hadisə Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsində mühüm mərhələ kimi qiymətləndirilir.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "M-Gaz" və "CNG Systems" şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib. 2024-cü ildən etibarən Bolqarıstanda uğurla tətbiq olunan təşəbbüsə bənzər olaraq, Şimali Makedoniyada da pilot virtual qazlaşdırma layihəsi reallaşdırılıb. Yeni layihə Azərbaycan qaz ixracının coğrafiyasını genişləndirməklə yanaşı, region ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Şimali Makedoniyadakı layihə ənənəvi qaz şəbəkəsinə qoşulmayan sənaye və yaşayış istehlakçılarının sıxılmış təbii qaz (CNG) ilə təmin olunmasını nəzərdə tutur. SOCAR "M-Gaz" vasitəsilə tələb olunan qaz həcmlərini "CNG Systems" şirkətinə tədarük edir, qaz isə xüsusi infrastrukturun qurulduğu Strumitsa şəhərinə çatdırılır. Layihə çərçivəsində Azərbaycan qazı altı uşaq bağçasını, səkkiz məktəbi, bir xəstəxananı, bir neçə bələdiyyə inzibati binasını, 400-dən çox ev təsərrüfatını və bir sıra sənaye müəssisələrini istilik və isti su ilə təmin edir.

Azərbaycanın Avropa bazarındakı mövqeyinin möhkəmləndirilməsi digər layihələrlə də davam etdirilir. Dekabrın 10-da SOCAR ilə Macarıstanın "MVM ONEnergy" şirkəti arasında Macarıstana 800 milyon kubmetr təbii qazın tədarükünə dair müqavilə imzalanıb. Müqavilə 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Eyni zamanda SOCAR Almaniyanın "SEFE" şirkətinə illik həcmi mərhələli şəkildə 15 teravatt-saata qədər artırılmaqla 10 illik müqavilə çərçivəsində qaz tədarükünə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabrda Bratislavada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata açıqlamasında dediyi kimi, bu gün zəngin qaz yataqlarımız bizə dünyanın bir çox ölkəsinə təbii qaz ixrac etməyə imkan verir.

"Azərbaycan qazını alan ölkələrin sayı on dördə çatıb. Biz boru kəməri ilə qazın aparıcı ixracatçısıyıq. Yeni qaz yataqlarının işlənməsi əlavə resurslar yaradacaq və təbii ki, həm Slovakiyaya, həm də qonşu ölkələrə daha böyük həcmdə Azərbaycan qazı tədarük etmək mümkün olacaq.

Hazırda ümumi qaz ixracımız 25 milyard kubmetr təşkil edir ki, bunun da yarısı Avropa ölkələrinə nəql olunur. Bu gün səkkiz Avropa İttifaqı üzv dövləti Azərbaycan qazını almaqla enerji təhlükəsizliyini təmin edir", - dövlət başçısı bildirib.

Avropanın təchizatın şaxələndirilməsi strategiyasında Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) mühüm rol oynayır. Avropa Komissiyasının məlumatına görə, TAP son beş ildə Azərbaycan qazı üçün etibarlı strateji marşrut yaradaraq Avropa İttifaqının riskli ənənəvi marşrutlardan asılılığını azaldıb. 2020-ci ilin sonlarından 2025-ci ilin noyabr ayınadək bu kəmər vasitəsilə təxminən 52,7 milyard kubmetr təbii qaz nəql olunub. Planlara əsasən, 2026-cı ildən etibarən TAP-ın ötürücülük qabiliyyəti ildə 1,2 milyard kubmetr artırılacaq.

Uzunmüddətli perspektivdə Azərbaycan qaz ixracının saxlanılması və genişləndirilməsi Abşeron yatağının işlənməsi, Azəri-Çıraq-Günəşli blokunda dərin qaz kəşfiyyatı və Ümid-Babək yatağı daxil olmaqla yeni hasilat layihələri hesabına təmin ediləcək. Bu təşəbbüslər Azərbaycanın Avropanın etibarlı və strateji əhəmiyyətli enerji təchizatçısı kimi rolunu daha da gücləndirir.

Şimali Makedoniyaya Azərbaycan qazının tədarükünün başlanması ölkənin ixrac coğrafiyasının uğurla genişləndirilməsinin və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin növbəti nümunəsi kimi dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti