...

Azərbaycan qazının Şimali Makedoniyada özəl və sənaye istehlakçılarına tədarükünə başlanılıb

Energetika Materials 12 Dekabr 2025 09:53 (UTC +04:00)
Azərbaycan qazının Şimali Makedoniyada özəl və sənaye istehlakçılarına tədarükünə başlanılıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 1-dən Şimali Makedoniyada özəl və sənaye istehlakçılarına Azərbaycan təbii qazının tədarükünə başlanılıb.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), M-Gaz və CNG Systems şirkətləri arasında səmərəli əməkdaşlıq sayəsində tədarükləri təşkil etmək mümkün oldu”, – mənbə deyib.

Müsahibin sözlərinə görə, söhbət 2024-cü ildən Bolqarıstanda həyata keçirilən virtual qazlaşdırma layihəsinin pilot şəkildə genişləndirilməsindən gedir.

SOCAR, M-Gaz və CNG Systems-in tərəfdaşlığı ilə həyata keçirilən layihə boru kəmərinə və ya paylayıcı şəbəkəyə qoşulmamış sənaye və özəl istehlakçılara sıxılmış təbii qazın (CNG) tədarükü ilə başlayıb. SOCAR, M-Gaz vasitəsilə CNG Systems şirkəti üçün tələb olunan təbii qaz həcmlərini təmin edir və CNG Systems daha sonra Strumitsa şəhərində sənaye və özəl istehlakçıları bu qazla təmin edir. Şəhərdə sıxılmış təbii qazla qidalanan qazpaylayıcı şəbəkə qurulub.

Bu tərəfdaşlıq sayəsində Azərbaycan təbii qazı 6 uşaq bağçasının, 8 məktəbin, 1 xəstəxananın, Strumitsa bələdiyyəsinin bir sıra inzibati binalarının, həmçinin 400-dən çox ev təsərrüfatının və bir neçə sənaye istehlakçısının istilik və isti su təchizatını təmin edir.

Qeyd edək ki, ümumilikdə Azərbaycan qazı alan ölkələrin sayı on dördə çatıb. Azərbaycan təbii qazı Avropaya Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik qaz kəməri vasitəsilə tədarük olunur. Hazırda kəmərin ötürmə qabiliyyəti ildə 10 milyard kubmetrdir və bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər. 2021-ci il bazar testi nəticələrinə əsasən, qaz kəmərinin uzunmüddətli gücü 2026-cı ildən etibarən ildə 1,2 milyard kubmetr artırılacaq. Bu həcmindən 1,04 milyard kubmetr İtaliya üçün, 0,16 milyard kubmetr isə Albaniya üçün bron olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti