Bakı. Trend:
Tailand və Kamboca rəhbərliyi cəbhə xəttində baş verən qanlı toqquşmalardan sonra atəşkəsə razılaşıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Tailandın baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manet ilə “uzun müddətdir davam edən müharibələrinin yenidən alovlanması” məsələsi ilə bağlı söhbət edib.
“Onlar bu axşamdan etibarən atəşkəs elan etməyə və Malayziyanın baş naziri Ənvər İbrahimin də yardımı ilə, şəxsən mənimlə və onların öz aralarında bağlanmış ilkin sülh sazişinə geri dönməyə razılaşıblar”,- deyə Tramp yazıb.
O, hər iki ölkənin də “sülhə və ABŞ ilə ticarətin davam etdirilməsinə” hazır olduğunu vurğulayaraq, bu dövlətlərin liderləri ilə işləməyin onun üçün “bir şərəf” olduğunu qeyd edib.
Tramp həmçinin, Tailand və Kamboca arasında atəşkəsin təmin olunmasına göstərdiyi köməyə görə Malayziyanın baş naziri Ənvər İbrahimə təşəkkür edib.
