Bakı. Trend:
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dövlət başçılarının uzaqgörən siyasəti sayəsində mədəniyyət də daxil olmaqla bütün sahələrdə dinamik şəkildə inkişaf edir.
Trend-in bazar günü verdiyi məlumata görə, bunu Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan Respublikasının Mədəniyyəti Günlərinin açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Özbəkistanda və Azərbaycanda keçirilən Mədəniyyət Günləri incəsənət sahəsində adi tədbir deyil.
“Bu, iki qardaş xalqın ortaq köklərinin, qarşılıqlı hörmətinin və dostluğunun əyani təzahürüdür”, – deyə Cəfərov vurğulayıb.
Nazir müavini qeyd edib ki, Özbəkistan Respublikası Prezidentinin rəhbərliyi altında ölkə inkişafın bütün istiqamətlərində mühüm nailiyyətlər əldə edir.
“Mədəniyyət bu prosesin prioritet və xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Çünki biz eyni kökdən gələn, ortaq tarixi-mədəni irsi, dəyərləri və ənənələri bölüşən xalqlarıq”, – deyə o bildirib.
Fərid Cəfərov həmçinin vurğulayıb ki, bu il Azərbaycanda və Özbəkistanda Mədəniyyət Günlərinin qarşılıqlı əsasda yenidən keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri qarşı tərəfin ölkəsində keçirilən beynəlxalq festivallarda mütəmadi olaraq iştirak edirlər.
