Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi tərəfindən İranın 60% dərəcəsində zənginləşdirdiyi 400 kq uran haqda hesabatını təkrarlaması reallıqda hər hansı dəyişiklik yaratmır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AEBA baş direktoru davamlı şəkildə bir sıra halları, cümlələri və hesabatları təkrarlayır. Bu məsələ mövcud reallığı dəyişdirmir. Mövcud reallıq budur ki, İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdür. İran bu üzvlüklə qorunma (safeguards) razılaşması çərçivəsində bütün öhdəliyini anlayır və öhdəliyini yerinə yetirib.
Bəqai bildirib ki, AEBA baş direktorunun İranın yerinə bu vəziyyətin səbəbkarlarına müəyyən məsələləri ünvanlaması gözlənilir. Halbuki AEBA baş direktoru, həmçinin AEBA Direktorlar Şurası İranın dincməqsədli nüvə obyektlərinin ABŞ və İsrail tərəfindən vurulmasına hətta ötəri şəkildə münasibət bildirməkdən çəkiniblər. Belə bir vəziyyətdə ədalətli mövqe sərgilənməyib və mövqelər birtərəflidir. Bu mövqelər isə problemi həll edə bilməz.
İran rəsmisi əlavə edib ki, AEBA baş direktoru agentliyin əsasnaməsinə uyğun olaraq öz səlahiyyətlərinin vacibliyini qeyd etməli və bu məsələlərə öz texniki baxışını yönəltməlidir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.
