Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 175,5 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 309,8 milyon ABŞ dolları və ya 2,8 dəfə azdır.
Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,80%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında İtaliyadan sonra 6-cı pillədə qərarlaşıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 76,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 208,5 milyon ABŞ dolları və ya təqribən 3,7 dəfə azdır.
Dövr ərzində Azərbaycandan Almaniyaya 65,3 milyon ABŞ dolları dəyərində 154,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 211,3 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm ifadəsində isə 345,3 min ton və yaxud 3,2 dəfə azdır.
Hesabat dövründə Almaniyadan Azərbaycana isə 99,078 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 101,3 milyon ABŞ dolları və ya 2 dəfə azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.
