...

TANAP və ABB texniki xidmət haqqında yeni saziş imzalayıb

Energetika Materials 2 Aprel 2026 09:53 (UTC +04:00)
TANAP və ABB texniki xidmət haqqında yeni saziş imzalayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

"TANAP Natural Gas Transmission Co." (TANAP) şirkəti ABB ilə Xəzər regionunu Türkiyə üzərindən Avropa ilə birləşdirən iri enerji infrastrukturunun tərkib hissəsi olan Trans - Anadolu qaz boru kəmərinin (TANAP) texniki xidmətinə dair “ABB Care” adlı beşillik servis sazişi imzalayıb.

Trend bu barədə ABB-yə istinadən məlumat verir.

ABB elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir və baş ofisi İsveçrənin Sürix şəhərində yerləşir.

Saziş çərçivəsində ABB Türkiyə ərazisində yerləşən, uzunluğu 1 811,7 kilometr olan boru kəməri boyunca kritik əhəmiyyətli idarəetmə sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etməyə davam edəcək.

2025-ci ilin sentyabr ayında qüvvəyə minmiş yeni “ABB Care” servis sazişi 2030-cu ilin sentyabr ayınadək qüvvədə olacaq.

“ABB artıq TANAP üzrə texniki xidmətləri ardıcıl üçillik ‘ABB Care’ müqavilələri çərçivəsində təqdim edib. Yeni saziş möhkəm və uzunmüddətli tərəfdaşlıq üçün əsas yaradır”, – deyə ABB-nin Türkiyədəki "Energy Industries" bölməsinin rəhbəri Barış Ünver bildirib.

Avtomatlaşdırma, elektrikləşdirmə və rəqəmsallaşdırma sahələrində dərin bilik və təcrübəyə malik ABB mühəndisləri gün ərzində obyekt üzərində çalışaraq proaktiv texniki xidmət, qabaqcıl kibertəhlükəsizlik həlləri və sistemin bütün həyat dövrü boyunca modernləşdirməni təmin edəcək. Bu isə boru kəmərinin yüksək əməliyyat səmərəliliyinin qorunmasına xidmət edəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin ən böyük seqmenti olan TANAP, Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəql edir.

Qaz kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr qaz təşkil edir. Bunun təxminən 6 milyard kubmetri Türkiyəyə verilir, qalan hissə isə Transadriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya yönəldilir. 2025-ci ildə TANAP vasitəsilə Türkiyəyə 5,6 milyard kubmetr qaz ixrac olunub.

TANAP sisteminin gözlənilən istismar müddəti 2062-ci ilə qədər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti