Bakı. Trend:
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun təkcə hərbi gücünü deyil, eyni zamanda peşəkarlığını, döyüş ruhunu və yüksək hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi. Qısa müddət ərzində əldə edilən uğurlar göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Millət vəkili bildirib ki, Aprel döyüşləri zamanı həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində ermənilərin uzun illər ərzində qurduğu möhkəmləndirilmiş müdafiə xətti yarıldı:
“Ordumuz həm taktiki, həm də strateji baxımdan üstünlüyü ələ alaraq mühüm yüksəklikləri və əlverişli mövqeləri nəzarətə götürdü. Bu isə gələcək hərbi əməliyyatlar üçün mühüm baza rolunu oynadı və vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu. Ümumilikdə 2 min hektardan artıq ərazinin işğaldan azad edilməsi ordumuzun gücünün real göstəricisi olmaqla yanaşı, xalqımızın qələbə əzmini daha da gücləndirdi”.
Deputat vurğulayıb ki, Aprel döyüşlərinin ən önəmli nəticələrindən biri isə ermənilərin illər boyu formalaşdırmağa çalışdığı “məğlubedilməzlik” mifinin darmadağın edilməsi oldu. Aprel döyüşləri bir daha sübut etdi ki, güclü dövlət, güclü ordu və milli birlik amili bir araya gəldikdə, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq mümkündür. Oqeyd edib ki, bu uğurların arxasında isə Prezident İlham Əliyevin qətiyyətli siyasəti, düşünülmüş hərbi strategiyası və güclü siyasi iradəsi dayanır:
“Onun rəhbərliyi ilə Azərbaycan Ordusu son illər ərzində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, ən müasir silah və texnika ilə təchiz edilib. Aprel döyüşləri bu məqsədyönlü siyasətin ilk real nəticələrindən biri kimi tarixə düşdü. Bu döyüşlər həm hərbi təcrübənin formalaşmasına, həm də əməliyyatların planlaşdırılması və icrası baxımından ciddi hazırlıq rolunu oynadı. Nəticə etibarilə, 2020-ci ildə Azərbaycan Ordusu qısa müddət ərzində işğal altında olan torpaqları azad edərək ölkənin ərazi bütövlüyünü təmin etdi. Müharibədən sonrakı dövr isə Azərbaycanın gücünü yeni müstəvidə – quruculuq və inkişaf sahəsində nümayiş etdirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazilərdə həyat yenidən canlanır, insanlar yaşayır, işləyir, övladları təhsil alır. Bu isə təkcə fiziki bərpa deyil, həm də tarixi ədalətin bərpasıdır”.
Milli Məclisin deputatı Elnarə Akimova isə Trend-ə açıqlamasında deyib ki, 2016-cı ilin Aprel döyüşləri müasir Azərbaycan hərb tarixində haqlı olaraq dönüş nöqtəsi kimi qiymətləndirilir. Çünki bu hadisə yalnız dörd gün davam edən lokal hərbi toqquşma olmayıb, uzun illər ərzində formalaşan siyasi iradənin, hərbi quruculuğun və milli ruhun sınaq meydanı idi. Ən əsası isə, bu döyüşlər Birinci Qarabağ müharibəsindən sonra yenidən qurulan Azərbaycan Ordusunun ilk real və inandırıcı qələbəsi kimi tarixə düşdü:
“1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi sistemində dərin izlər buraxmışdı. Məğlubiyyət təkcə ərazi itkisi ilə məhdudlaşmırdı, cəmiyyətin psixoloji durumunda da sarsıntılar yaratmışdı. Lakin sonrakı illərdə həyata keçirilən ardıcıl dövlət siyasəti, xüsusilə ordu quruculuğu sahəsində aparılan sistemli islahatlar bu mənzərəni köklü şəkildə dəyişdirdi. Müasir silahlanma, peşəkar kadr hazırlığı, hərbi texnologiyaların tətbiqi və döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar nəticə etibarilə Aprel döyüşlərində öz təsdiqini tapdı”.
Millət vəkilinin sözlərinə görə, döyüşlərin gedişi göstərdi ki, Azərbaycan Ordusu artıq müdafiə mövqeyində qalan, passiv qüvvə deyil. Əksinə, o, təşəbbüsü ələ almağı, hücum əməliyyatları planlaşdırıb uğurla icra etməyi bacaran çevik və müasir orduya çevrilib. Lələtəpə yüksəkliyinin azad olunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Bu strateji nöqtə üzərində nəzarətin bərpası təkcə hərbi üstünlük demək deyildi, bu, eyni zamanda, illərlə davam edən status-kvonun sarsıdılması, “toxunulmaz xətt” mifinin dağıdılması idi.
Deputat vurğulayıb ki, Aprel döyüşləri həm də informasiya və psixoloji müstəvidə mühüm nəticələr doğurdu. Azərbaycan cəmiyyəti uzun fasilədən sonra qələbə sevincini yaşadı, orduya və dövlətə inam daha da gücləndi. Bu prosesin məntiqi davamı kimi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi artıq tammiqyaslı hərbi-siyasi dönüş yaratdı:
“Aprel döyüşlərində sınaqdan çıxmış taktika və texnologiyalar daha geniş miqyasda tətbiq olundu, ordu döyüş meydanında tam üstünlüyünü təmin etdi. Nəticədə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. 2023-cü ildə həyata keçirilən Azərbaycanın antiterror əməliyyatı isə bu prosesi tamamladı və dövlət suverenliyi tam şəkildə təmin olundu.
Bu baxımdan Aprel döyüşləri yalnız keçmişin hadisəsi deyil, bu günün və gələcəyin də açarıdır. O, bir başlanğıc nöqtəsidir – həm hərbi strategiyanın, həm də milli özünəinamın yenidən formalaşmasının başlanğıcı. Həmin dörd gün ərzində qazanılan uğur təkcə hərbi əməliyyatların nəticəsi deyildi. Bu, dövlətin gücünün, xalqın iradəsinin və ordunun peşəkarlığının vəhdətindən doğan bir qələbə idi. Və məhz bu vəhdət Azərbaycanı Zəfərə aparan əsas amilə çevrildi”.
