Bakı. Trend:
Həcc ziyarəti üçün müraciət edənlər arasında məşhurlar da var.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 94 faizi artıq tamamlanıb:
"Cəmi altı faiz yer boş qalıb. Müraciət edənlər arasında məşhur şəxslər də var. Eyni zamanda, ziyarətə uşaqla getmək istəyənlər də var".
Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.
Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.
Xatırladaq ki, Vüsal Cahangiri regionda baş verən gərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini də açıqlamışdı:
"Hazırda regionda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır", o, bildirmişdi.
