Bakı. Trend:
Mədəni-humanitar əməkdaşlıq regional sabitliyin ən vacib şərtlərindən biridir.
Trend xəbər verir ki, bunu Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev Türk Dövlətləri Təşkilatına üzd dövlətlərin hökümət başçıları və vitse-prezidentlərinin ikinci iclasında deyib.
“Qırğızıstan Respublikası qeyri-maddi mədəni irsin qorunmasına və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə yönəlmiş mədəni təşəbbüsləri fəal şəkildə irəli aparır. Bu baxımdan qeyd etmək istərdim ki, bu il 1–6 sentyabr tarixlərində ölkəmizdə VI Dünya Köçəri Oyunları keçiriləcək. Təşkilata üzv olan bütün dövlətləri bu tədbirdə fəal iştirak etməyə dəvət edirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, enerji sektorunun gələcək inkişafı yeni texnologiyaların tətbiqini və infrastrukturun genişləndirilməsini tələb edir. Xüsusilə, kiçik hidroelektrik stansiyaların inkişafı enerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və bölgələrin sosial-iqtisadi inkişafına töhfə verir.
Kasımaliyev qeyd edib ki, təşkilata üzv dövlətlərin başçıları tərəfindən müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi üçün Qırğızıstan tariflərlə bağlı olmayan maneələrin azaldılmasına, biznes nümayəndələri üçün viza rejiminin sadələşdirilməsinə və məhsul keyfiyyət standartlarının harmonizasiyasına diqqət yetirməyi təklif edir.
Onun sözlərinə görə, rəqəmsallaşma sahəsində əməkdaşlığın möhkəmləndirilməsi də vacibdir. “Qırğızıstan dövlət xidmətlərinin rəqəmsal transformasiyası üzrə genişmiqyaslı proqram həyata keçirir”, – deyə Kasımaliyev bildirib.
