Bakı. Trend:
Yaxın gələcəkdə Qazaxıstan süni intellekt və rəqəmsal inkişaf məsələləri üzrə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısını keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin ikinci iclasında bildirib.
“Rəqəmsal texnologiyaların və süni intellektin sürətli inkişafı şəraitində yeni texnoloji həllərin aktiv tətbiqi xüsusi önəm kəsb edir. Bu sferanın əhəmiyyətini nəzərə alaraq, Qazaxıstan 2026-cı ili “Rəqəmsallaşma və süni intellekt ili” elan edib”,- deyə o bildirib.
Bektenov qeyd edib ki, Qazaxıstan BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) çərçivəsində rəqəmsal həllər mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib.
“Fürsətdən istifadə edərək, sizləri BMT çərçivəsində qətnamə layihəsinin həmmüəllifləri olmağa dəvət edirəm”, - deyə o bildirib.
Onun sözlərinə görə, TDT türk dünyasının vəhdətinin gücləndirilməsi və onun qlobal prosesslərdəki rolunun artırılması baxımından çox vacib bir platformadır.
