Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, imzalanma mərasimi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyətinin 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisində (EGYPS 2026) iştirakı çərçivəsində baş tutub.
Bildirilib ki, snəd tərəflər arasında neft-qaz sektorunun əsas istiqamətləri üzrə uzunmüddətli, davamlı və çoxşaxəli əməkdaşlığı nəzərdə tutur.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunur.
SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov “EGYPS 2026” çərçivəsində “Qlobal ticarət axınlarının yenidən formalaşdırılması” mövzusunda təşkil olunan panel müzakirələrində çıxış edib. Vitaliy Bəylərbəyov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, bu xüsusda ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan Trans-Adriatik Boru Kəmərinin 2020-ci ilin dekabrında tam istismara verildiyini xatırladan vitse-prezidentin müavini bu gün Azərbaycan qazının 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 16 ölkəyə tədarük olunduğunu bildirib. 2025-ci ildə Avropa istehlakçılarına təxminən 13 milyard kubmetr Azərbaycan qazı çatdırılıb ki, bu da 2021-ci il ilə müqayisədə təxminən 60% artım deməkdir.
