Bakı. Trend:
Azərbaycanın manatının dollara nisbətdə sabit məzənnəsinin ləğvi riskləri azalıb.
Trend bu barədə "ING Group" şirkətinə istinadən xəbər verir.
"ING" özünün son hesabatında qeyd edib ki, Azərbaycanda cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə 3,5 milyard ABŞ dollarına qədər azalıb. Bu, neft qiymətlərinin enməsi və idxalın güclü artımı (qismən qızıl alışlarının artımını əks etdirir) səbəbindən ticarət balansının sıfıra yaxınlaşması ilə əlaqədardır.
“Bu, bizdə 2026-cı ildə cari əməliyyatlar hesabının mümkün mənfi saldosu və valyuta bazarına potensial təzyiq ilə bağlı narahatlıq yaradırdı. Bununla belə, Yaxın Şərqdə müharibənin başlanması və bununla əlaqədar neft qiymətlərinin artmasından sonra manatın dollara bağlılığının ləğvi riskləri azalıb. ING 2026-cı il üçün "Brent" markalı neft üzrə proqnozunu 20 dollar artıraraq bir barel üçün 82 dollara çatdırdığından, biz Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin bu il ÜDM-in 6–7%-ni təşkil edəcəyini və manatın dollara nisbətdə sabit məzənnəsinin yaxın iki il ərzində etibarlı qalacağını gözləyirik. Ümumilikdə, yanacaq qiymətləri üzrə risk balansı artım istiqamətinə meyillidir”,-deyə hesabatda bildirilir.
"ING" analitikləri vurğulayırlar ki, Azərbaycanın xarici mövqeyi çox güclü olaraq qalır.
“Yanacaq ixracından illik gəlirlər neftin hər bareli üçün qiymətin hər 1 dollar artımına görə təxminən 300 milyon ABŞ dolları təşkil edir, suveren aktivlər isə - Azərbaycan Mərkəzi Bankının ehtiyatları və Dövlət Neft Fondunun aktivləri daxil olmaqla — ÜDM-in təxminən 115%-nə bərabərdir. Bu buferlər hakimiyyət orqanlarına, hətta neft qiymətləri müvəqqəti olaraq bir barel üçün 60 dollar orientirindən aşağı düşdüyü hallarda belə (bazar stressinin əvvəlki dövrlərində, o cümlədən 2020-ci ildə olduğu kimi), AZN/USD məzənnəsini 1,70 səviyyəsində qorumağa imkan verir”,- deyə şirkət qeyd edir.
"ING" həmçinin bildirir ki, Azərbaycan üçün fundamental göstəricilər ümumilikdə müsbətdir: ölkənin reytinqləri inamla investisiya səviyyəsində qalır və "Moody’s" müsbət proqnozu saxlayır.
“Eyni zamanda, ölkə enerji daşıyıcılarının qiymətlərinin hazırkı artımından əhəmiyyətli dərəcədə faydalanan tərəflərdən biri olaraq qalır, çünki onun fiskal və xarici balans baxımından neft qiymətlərinə həssaslığı yüksəkdir. Ermənistanla davam edən sülh nizamlanması prosesi isə, son illərin irəliləyişinə əsasən, daha çox müsbət amil kimi çıxış edir”, — hesabatda vurğulanır.
"ING" analitikləri vurğulayırlar ki, Azərbaycanın xarici mövqeyi çox güclü olaraq qalır.
