Bakı. Trend:
Azərbaycan Türkiyə şirkəti ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə aparılan islahatlar işgüzar mühitin daha da yaxşılaşdırılmasına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.
Tərəflər biznes tərəfdaşlığının genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Bərpaolunan enerji və infrastruktur layihələrində iştirak, enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanları dəyərləndirilib.
Türkiyənin “Fiba Holdinq”i enerji, bank və maliyyə, daşınmaz əmlak, turizm və digər sahələr üzrə ixtisaslaşıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə,
2025-ci ildə Türkiyənin Azərbaycana birbaşa investisiyalarının
həcmi 1,231 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə
müqayisədə 12,8 milyon dollar və ya 1% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Türkiyədən reallaşan investisiyaların payı 18,7% təşkil
edib. Bununla da hesabat dövründə Türkiyə Azərbaycana ən çox
yatırım edən ölkələr siyahısında Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığından sonra 2-ci pillədə qərarlaşıb.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Türkiyə iqtisadiyyatına 345 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 96,032 milyon dollar və ya 38,6% çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların xüsusi çəkisi 13,6% təşkil edib. Bununla da Türkiyə Azərbaycandan ən çox xaricə investisiya yönəldilən ölkələr siyahısında İsraildən sonra 2-ci yerdə qərarlaşıb.
2024-cü il ərzində Türkiyənin Azərbaycana birbaşa investisiyalarının ümumi həcmi 1,219 milyard milyon dollar, əks istiqamətdə isə 248,9 milyon dollara bərabər olmuşdu.
