Bakı. Trend:
"Starlink" peyk internet əlaqəsi sistemi orbitdə baş verən “anomaliya” nəticəsində öz peyklərindən biri ilə əlaqəni itirib.
Trend xəbər verir ki, bu barədə "Starlink" şirkətinin "X" sosial şəbəkəsində yayımlanan məlumatında bildirilir.
Məlumata görə, martın 29-da qeydə alınan insident zamanı, Yerdən 560 kilometr aralıda mövqe tutan peyklə əlaqə kəsilib. Bildirilir ki, aparılan təhlildən sonra təfərrüatları açıqlanmayan anomaliyanın Beynəlxalq Kosmik Stansiya, onun heyəti və ya NASA-nın “Artemida-2” missiyasının planlaşdırılan uçuşu üçün yeni təhlükə yaratmadığı müəyyən edilib.
"Starlink"də bildiriblər ki, peyk və aşkar edilmiş qalıqların müşahidəsi davam edir. Həmçinin qeyd olunur ki, "SpaceX" və "Starlink" komandaları ilkin səbəbi müəyyən etmək üçün fəal şəkildə çalışır və zəruri düzəlişlər operativ şəkildə həyata keçirəcək.
