Bakı.Trend:
Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində baş verən qəzaların böyük əksəriyyəti piyadaların vurulması ilə bağlı olub. Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlararası yollarda baş verib.
"Aparılan müşahidələr göstərir ki, hadisələrin başvermə səbəbləri sırasında sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, sükan arxasında mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir iştirakçının qaydalara ciddi riayət etməsindən, diqqətli və məsuliyyətli davranışından asılıdır. Unutmayaq ki, qaydaların pozulması hər an ağır nəticələrə səbəb ola bilər",- məlumatda bildirilir.
Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil olub.
Xatırladaq ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunub.
Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılır. 28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edib.
Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olub.
Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olub.
