Bakı.Trend:
Bakı. Trend:
Bayram günlərində Azərbaycanda sərnişin daşımalarında ciddi artım qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki, 19-30 mart tarixlərində qatarlarla ümumilikdə 212 mindən çox sərnişin daşınıb. Rayonlararası daşımalar üzrə Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu ilə 21 963 nəfər səfər edib.
Qeyd edilir ki, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı istiqamətlərində 8984 sərnişin, Bakı-Ağdam-Bakı marşrutunda isə 1561 sərnişin daşınıb. Həmçinin qeyd olunub ki, istirahət günlərində rekord sayda – 200 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə isə, 12 gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157 reys həyata keçirilib və 84 135 sərnişin daşınıb. Tələbatın qarşılanması üçün əlavə olaraq 450-dən çox reys təşkil edilib.
Bildirilir ki, bayram günlərində bölgələrə səfər edən vətəndaşların geri qayıdışını təmin etmək üçün region avtovağzallarında da müvafiq şərait yaradılıb. 19-30 mart tarixlərində bölgələrdən müxtəlif istiqamətlərə, o cümlədən Bakıya 18 000 reyslə 116 minə yaxın sərnişin daşınıb.
Qeyd edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60%-i biletlərini “biletim.az” portalı vasitəsilə onlayn alıb. Digər günlərdə isə bu göstərici 35-40% təşkil edib ki, bu da rekord nəticə sayılır.
