Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təbii fəlakətdən zərər çəkmiş Cığatay və Qarğalıq kəndlərində sakinlərlə görüşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, 27 və 28 mart tarixlərində aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun bir çox yaşayış məntəqələrində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına xeyli ziyan vurub.
Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri dərhal ərazilərə səfərbər olunaraq fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görüblər.
Qeyd edilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təbii fəlakətdən zərər çəkmiş Cığatay və Qarğalıq kəndlərində sakinlərlə növbəti dəfə görüşüb. İcra başçısı vətəndaşların təklif və tövsiyələrini dinləyərək fəsadların aradan qaldırılması ilə bağlı komissiya üzvlərinə və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verib.