...

31 Mart bütöv bir millətin varlığına qəsd, sükuta qərq olmuş fəryadın adıdır – ŞƏRH

Gündəm Materials 31 Mart 2026 16:06 (UTC +04:00)
31 Mart bütöv bir millətin varlığına qəsd, sükuta qərq olmuş fəryadın adıdır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Erməni millətçiləri uzun illər boyu “Böyük Ermənistan” xülyası ilə silahlanaraq azərbaycanlılara qarşı soyqırımılar törədiblər. 1905-ci il, daha sonra 1918-ci ildə daha geniş coğrafiyanı əhata edən qırğınlar azərbaycanlıların etnik təmizlənməsi prosesi ilə davam edib.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Millət vəkili bildirib ki, xüsusilə 1918-ci ilin mart-aprel aylarında bu qırğınlar daha faciəli olub:

“O vaxtlar Bakı kommunasının mandatını alan “daşnaklar” bir neçə ay ərzində Bakı Quberniyasında, Şamaxı, Lənkəran, Quba, Xaçmaz, Qarabağ, Zəngəzurda çox böyük faciələr törədiblər. Bu qısa müddət ərzində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, minlərlə bacı-qardaşımız dədə-baba yurdlarından qovulublar.

Bu hadisələr təkcə dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı kimi yadda qalmayıb, eyni zamanda dini və tarixi abidələrimiz də yerla-yeksan olunub, kəndlər, qəbiristanlıqlar dağıdılıb. Bakı sovetinin 6, “Daşnaksütyun” Partiyasının 4 min nəfərlik silahlı dəstəsi bu qırğınların həyata keçirilməsində bilavasitə iştirak ediblər”.

Deputat vurğulayıb ki, ermənilərin törətdiyi cinayətlərin miqyası təsəvvüredilməzdir:

“Ermənilər zaman-zaman özləri də bunu etiraf ediblər. 1989-cu ilin martında bu gün Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərindən sonuncu azərbaycanlının da qovulması faktından sonra Qaregin Njdeyə abidə qoyularkən Qafan Partiya Komitəsinin birinci katibi ermənilərə xitabən demişdi ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənilər bunu məqsədyönlü şəkildə edirdilər”.

A.Əlizadə əlavə edib ki, xalqımıza qarşı törədilən terror aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət davam etdirilməlidir.

“Bunun üçün ölkə xaricində olan diaspor təşkilatları da, azərbaycanlılar da bilavasitə bu prosesdə ciddi surətdə iştirak etməlidirlər. Bu faktlar nəsildən-nəslə ötürülməli, daha ciddi araşdırma mövzusu olmalıdır. Tarixdə baş verənləri unutsaq, bu faciələrin təkrarlanma riskləri böyükdür. Biz bu faciələri yaddan çıxarmamalıyıq ki, gələcəkdə belə faciələrlə üz-üzə qalmayaq. Ermənilərin bu illər ərzində işləyən yalan mexanizminin tamamilə sıradan çıxarılması istiqamətində də fəaliyyət göstərməliyik”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasında hadisələrin tarixi əhəmiyyətinə toxunub:

“Bəzi tarixlər var ki, onları yaddaşda saxlamaq üçün tarixçi olmağa ehtiyac yoxdur. Onlar insanın qan yaddaşına elə bir möhür vurur ki, illər keçsə də, həmin ağrını damarlarında hiss edirsən. 31 Mart məhz belə bir gündür. Bu, sadəcə bir “tarixi hadisə” deyil, bütöv bir millətin varlığına qəsd edilən, sükuta qərq olmuş bir fəryadın adıdır.

1918-ci ilin o soyuq mart günlərində Bakının küçələrindən Şamaxının qədim məscidlərinə, Qubanın dərələrindən Lənkəranın düzlərinə qədər hər yer bir suala cavab axtarırdı: Niyə? Cavab isə çox bəsit və amansız idi: sadəcə öz kimliyini qoruduğun üçün, sadəcə bu torpağın sahibi olduğun üçün.

O günlərdə təkcə insanlarımız qətlə yetirilmədi. Bizim mədəniyyətimizin simvolu olan “İsmailiyyə” yandırıldı, qədim əlyazmalarımız külə döndü, tariximizin yaddaşı silinmək istəndi. Amma unudulan bir şey var idi: ruh yandırılmır. Qubadakı o məzarlıqlar illər sonra torpağın altından üzə çıxanda sanki dünya bir daha sarsıldı. Torpaq belə o haqsızlığı daxilində saxlaya bilməyib çölə püskürdü”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı bu gün 31 Martı anarkən sadəcə yas saxlamır, həm də güclü olmağın nə qədər vacib olduğunu dərk edir.

“Birliyin gücü: Bölünəndə nələr itirdiyimizi gördük.
Yaddaşın oyaqlığı: Unutqanlıq bizim ən böyük düşmənimizdir.
Həqiqətin səsi: Nə qədər susdurulsaq da, haqqın səsi gec-tez eşidilir.

Bu gün ölkəmiz dünyanın ən güclü dövləti, xalqımız isə ən qürürlu xalqıdır. Böyük qələbələr əldə etmişik, davamlı olacaq, bir şərtlə ki, keçmişdə yaşananları unutmayacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti