Bakı. Trend:
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 1,011 milyard ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 132,8 milyon ABŞ dolları və ya 11,6% azalıb.
Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16,1%-nə bərəbər olub.
2026-cı ilin ilk iki ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12,7% azalaraq 877,1 milyon dollara, Qırğızıstanla ticarət dövriyyəsi 3,8 dəfə artaraq 9,9 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 8,8% azalaraq 65,6 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 9,7% azalaraq 58,7 milyon dollara bərabər olub.
Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.
