Bakı. Trend:
2025-ci ildə Türkiyənin Azərbaycana birbaşa investisiyalarının həcmi 1,231 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,8 milyon dollar və ya 1% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyədən reallaşan investisiyaların payı 18,7% təşkil edib. Bununla da hesabat dövründə Türkiyə Azərbaycana ən çox yatırım edən ölkələr siyahısında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından sonra 2-ci pillədə qərarlaşıb.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Türkiyə iqtisadiyyatına 345 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 96,032 milyon dollar və ya 38,6% çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların xüsusi çəkisi 13,6% təşkil edib. Bununla da Türkiyə Azərbaycandan ən çox xaricə investisiya yönəldilən ölkələr siyahısında İsraildən sonra 2-ci yerdə qərarlaşıb.
2024-cü il ərzində Türkiyənin Azərbaycana birbaşa investisiyalarının ümumi həcmi 1,219 milyard milyon dollar, əks istiqamətdə isə 248,9 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
