Bakı. Trend:
Azərbaycanın idxalının təxminən yarısı Yaxın Şərqdəki vəziyyətlə bağlı inflyasiya risklərinə məruz qalan regionlardan daxil olur ki, bu da ölkədə istehlak qiymətləri indeksinə (İQİ) yüksək risklər yaradır.
Trend bu barədə "ING Group" şirkətinə istinadən xəbər verir.
“2024-cü ildə ultra aşağı inflyasiya dövründən sonra qiymət artımı 2025-ci ilin əvvəlindən etibarən 5–6% diapazonuna qayıdıb və bu səviyyədə qalmaqdadır. İnflyasiya təzyiqləri həm təklif, həm də tələbat amillərini əks etdirir. 2025-ci ilin göstəriciləri ümumilikdə tarixi orta səviyyələrə uyğun olub, lakin 2026-cı ilin əvvəlində kommunal xidmət tariflərinin artırılmasından sonra inflyasiya sürətlənib. 2024-cü ildə inflyasiyanın azalmasının əsas hərəkətverici qüvvələri olan ərzaq məhsulları və xidmətlər o vaxtdan etibarən istiqamətini dəyişib, bu da qismən daxili tarif artımları ilə bağlıdır. İdxalın təxminən yarısının Yaxın Şərqlə bağlı inflyasiya risklərinə məruz qalan regionlardan daxil olduğunu nəzərə alsaq, istehlak qiymətləri indeksi artım yönlü risklərlə üzləşir. Qiymətləndirməmizə görə, dünya üzrə ərzaq qiymətlərinin 10% artması inflyasiya səviyyəsinə təxminən 1,5 faiz bəndi əlavə edəcək”, - deyə hesabatda qeyd olunur.
Bu fonda şirkətin analitikləri bildirirlər ki, ölkənin pul-kredit siyasətinin daha da yumşaldılması üçün imkanlar məhduddur.
“2026-cı ilin yanvarında Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) inflyasiyanın 4±2% hədəf diapazonunda olması, xarici mühitin sabitliyi və iqtisadi fəallığın zəifləməsini əsas gətirərək uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,50%-ə endirdi. Lakin daha yumşaq fiskal siyasət və bank maliyyələşməsinin azalan, lakin hələ də yüksək səviyyədə qalan dollarlaşması, inflyasiya gözləniləndən daha çox aşağı düşmədiyi halda, faiz dərəcələrinin daha da endirilməsi imkanlarını məhdudlaşdırır. İstehsalçı qiymətləri də daxil olmaqla qabaqlayıcı göstəricilər neft qiymətlərinin azalması fonunda qiymət təzyiqlərinin müəyyən qədər zəiflədiyini göstərsə də, ərzaq idxalı xərcləri və tələbatla şərtlənən inflyasiya yüksək olaraq qalır”,-deyə hesabatda vurğulanır.
Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların dayandırılması ilə nəticələnib.
2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9 247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın həcmi isə 408 kiloqramdır.
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
